MƏDƏNİYYƏT
“Axundzadə dərsləri”nin növbəti mövzusu “Dram əsərlərində konfliktin qurulması”na həsr edilmişdir
Bakı, 16 dekabr (AZƏRTAC). Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü ilə reallaşan “Axunzadə dərsləri” layihəsinin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu tədbirlərin davamı olaraq dekabrın 16-da ATXİ-də gənc dramaturqlar üçün ustad dərsləri keçirilmişdir.
Tədbirdə ATXİ-nin fəaliyyəti və layihə haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində artıq peşəkar dramaturq və sənət adamlarından bir neçəsi gənc yazıçılara mühazirələr oxumuşlar. Həmçinin yaradıcı gənclərin əsərlərinin seçiminə də başlanılmışdır. Məqsəd 2012-ci ildə 200 illiyini qeyd edəcəyimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin yubileyi ərəfəsində səviyyəli dram əsəri üzə çıxarıb, teatrlardan birinin repertuarına daxil etməkdir.
Tədbirdə tanınmış yazıçı-dramaturq Firuz Mustafanın “Dram əsərlərində konfliktin qurulması” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan dramaturgiyasının və teatr sənətinin inkişafında M.F.Axundzadənin müstəsna rolundan, bədii yaradıcılığın ən mürəkkəb növü olan dram əsərlərinin yazılış qaydalarından bəhs etmişdir.
Firuz Mustafa səhnə əsərlərinin yazılmasında süjet qurmağın, həyati hadisələri dramatik hadisələrə çevirməyin yolları barədə danışmış, bu sahədə öz təcrübəsinə əsaslanaraq gənc yazarlara tövsiyələrini vermişdir.
Tədbirdə gənc yazıçıların kiçik həcmli pyeslərindən parçalar oxunmuş və onların sualları cavablandırılmışdır.