İDMAN
Azərbaycan akademik avarçəkəni Londonda keçirilmiş Henli Kral Reqatasının qalibi olmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi uğur qazanmışdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 23 yaşlı idmançımız Böyük Britaniyanın paytaxtı Londonda 1839-cu ildən keçirilməyə başlayan Henli Kral Reqatasının (“Henley Royal Regatta”) qalibi olmuşdur. O, nüfuzlu yarışa xüsusi dəvət əsasında qatılmış və kişilər arasında Açıq Yarış kateqoriyasının “The Diamond Challenge Sculls” (“Brilyant Çağırış Avarları”) növündə çıxış etmişdir.
“Kür” klubunun üzvü mübarizəyə təsnifat mərhələsindən qoşulmuşdur. Avarçəkənimiz əvvəlcə yeni zelandiyalı, üçqat dünya çempionu Dankan Qrantla yarışmışdır. Finişə rəqibindən tez - 8 dəqiqə 7 saniyəyə çatan təmsilçimiz dörddəbir finala yüksəlmişdir. Növbəti mərhələdə o, daha bir yeni zelandiyalı - beşqat olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyllə ötüşmüşdür. Avarçəkənimiz son olimpiadanın finalından fərqli olaraq, bu dəfə M.Drizdeyldən üstün olmağı bacarmışdır. O, finişə 7 dəqiqə 41 saniyəyə çatmışdır. A.Aleksandrovun yarımfinaldakı rəqibi isə sloveniyalı olimpiya və üçqat dünya çempionu Luka Şpik olmuşdur. Bu dəfə də avarçəkənimiz 7 dəqiqə 50 saniyə nəticə ilə qalib gələrək finala vəsiqə qazanmışdır. Həlledici yürüşdə A.Aleksandrovun rəqibi 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalçısı, böyük britaniyalı Alan Kempbel olmuşdur. Avarçəkənimiz bu dəfə 7 dəqiqə 30 saniyə-ən yüksək nəticə göstərərək qalib adını qazanmışdır.
Henli Reqatası dünyada akademik avarçəkmə üzrə ən məşhur və nüfuzlu yarışlardan sayılır. Burada iştirak istənilən avarçəkənin karyerasında ən mühüm mərhələ sayılır, qələbə isə olimpiya çempionluğuna bərabər tutulur. İlk dəfə Henli reqatası, milli və beynəlxalq avarçəkmə federasiyalarının əsası qoyulmamışdan xeyli əvvəl keçirilmişdir. Ona görə də bu reqata onların səlahiyyətində deyil, amma elə bu qurumlar tərəfindən rəsmən tanınmış və unikal qaydalara malikdir. London ətrafındakı Henli şəhərciyində keçirilir. Orada Temza çayı 2 kilometrdən də çox körfəz yaradaraq, buranı yarışlar üçün ideal məkana çevirir.
İlk dəfə Henli Reqatası cəmi 1 gün davam etmişdir. Lakin illər keçdikcə iştirakçıların sayı artmış və yarış günlərinin də sayı çoxalmışdır. Hazırda bu reqata 5 gün davam edir, reqataya bir həftə qalmış isə təsnifat yürüşləri keçirilir. Yarışın son günündə, daha dəqiqi, iyulun ilk bazar günündə bütün finallar təşkil olunur.
Bundan başqa, Henli Reqatası hazırda ölkənin ən əlamətdar ictimai hadisələrindən sayılır. Burada kral ailəsi, habelə, cəmiyyətin ali təbəqəsinin iştirakı mütləqdir. Hətta özünəməxsus geyim forması mövcuddur. Bu, xüsusən, Kral tribunasına yaxın yerlərə bilet alanlara aiddir.