ELM VƏ TƏHSİL
Azərbaycan aliminin məruzəsi Tehranda keçirilmiş beynəlxalq konfransda maraqla qarşılanmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Tehranda keçirilən “Sahil zonası, limanlar və dəniz təsərrüfat strukturu” mövzusunda birinci Beynəlxalq konfransda iştirak etmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, konfransda R.Məmmədov “Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemi və onun sosial-iqtisadi və ekoloji nəticələri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Xəzər dənizinin unikallığı və reliktliyinin araşdırıldığını qeyd edən alim onun region və Yer kürəsi üçün əhəmiyyətini açıqlamış, Xəzər dənizini Yer kürəsinin böyük ərazisi üçün iqlim və ekoloji indikator kimi qiymətləndirmişdir. O, həmçinin dəniz səviyyəsinin zamana görə dəyişmə təsnifatını vermiş və bu dəyişmənin əsas səbəbinin iqlim amili olduğunu diqqətə çatdırmışdır. R.Məmmədov Xəzər dənizinin səviyyəsinin dəyişməsinin kompleks modelini təklif etmiş və dəniz səviyyəsinin axırıncı qalxması zamanı Azərbaycan sahil zonasına dəyən sosial-iqtisadi və ekoloji ziyanı qiymətləndirmişdir.
Azərbaycan aliminin məruzəsi beynəlxalq tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
İranın Nəqliyyat Nazirliyi və Limanlar və Dəniz Strukturu təşkilatlarının nümayəndələri alimlə görüşmüş, məruzənin xüsusi maraq doğurduğunu diqqətə çatdırmış və bu sahədə aparılan tədqiqatların İranda təşkil edilməsinə və kadrların hazırlanmasına dəstək verməsini xahiş etmişlər.
Tədbir çərçivəsində İranın Sahillər və Liman Mühəndisliyi Departamenti ilə AMEA Coğrafiya İnstitutu arasında Xəzər dənizi tədqiqatları üzrə əməkdaşlıq haqqında razılıq sənədi imzalanmışdır.
Konfransda, eyni zamanda, R.Məmmədovun Tehranda nəşr olunmuş “Hydrometerology of Caspian Sea” kitabının təqdimatı da keçirilmişdir.