ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi ABŞ-ın yüksək impakt faktorlu jurnalında çap olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) əməkdaşları - AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının və kimya üzrə fəlsəfə doktoru Ziya Əliyevin İtaliya, İspaniya, Fransa, Rusiya və Polşa alimləri ilə birgə apardıqları multidissiplinar tədqiqatlarının nəticəsi olan “Plazma dalğalarının yerüstü topoloji izolyatorlar vasitəsilə terahers detektorlarda istifadəsi” adlı məqalə Amerika Kimya Cəmiyyətinin yüksək impakt faktorlu (13.592) “Nano Letters” jurnalının builki yanvar nömrəsində dərc edilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqalədə KQKİ-də alınmış yeni nəsil qeyri-üzvi materialların - topoloji izolyatorların terahers detektorlarda istifadəsinin mümkünlüyü göstərilib. Bu tip terahers detektorların yaxın gələcəkdə təhlükəsizlik sistemlərində və tibb sahəsində hazırda istifadə olunan skanəedici rentgen qurğularını əvəzləyəcəyi gözlənilir.
“Nano Letters” Azərbaycan elm və təhsil müəssisələri əməkdaşlarının elmi əsərlərinin çap olunduğu yüksək impakt faktorа malik jurnaldır.
Xatırladaq ki, topoloji izolyatorların alınması və tədqiqi sahəsində müəlliflərin son illər ərzində beynəlxalq kollaborasiya şəraitində apardıqları tədqiqatların nəticələri yüksək impakt faktorlu “Nature Communications” (impakt faktor 11.470), “Physical Review Letters”, “Nano Researchs”, “Journal of Physical Chemistry C”, “Physical Review B”, “New Journal of Physics”, “Journal of Alloys and Compounds” və digər jurnallarda 20-dən artıq məqalədə əksini tapıb.