İDMAN
Azərbaycan alpinistləri “Xan Tenqri” zirvəsini fəth etmişlər
Bakı, 19 avqust (AZƏRTAC). Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz Dadaşov və Sirxan Məmmədov “Tyan-Şan-2013” – “Xan Tenqri” (7010 metr) və “Qələbə” (7439 metr) zirvələrinə ekspedisiyanı davam etdirirlər.
Azərbaycan Alpinizm Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, alpinistlərimiz Tyan-Şan dağlarının “Xan Tenqri” (7010 m.) zirvəsinə çatmışlar. Pis hava şəraiti və güclü qar yürüşə mane olsa da, bütün çətinliklərə baxmayaraq, idmançılarımız zirvənin fəthinə nail olmuşlar.
Artıq idmançılarımız baza düşərgəsinə enmişlər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər.
Daha sonra isə alpinistlər “Qələbə” zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar.
“Xan Tenqri” və “Qələbə” zirvələrini fəth etdikləri halda idmançılarımız “Qar bəbiri” tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – “Xan Tenqri” (7010 metr), “Qələbə” (7439 m.), “Lenin” (7134 m.), “Korjenevskaya” (7105 m.), “Kommunizm” (7495 m.) zirvələridir. “Qar bəbiri” adını yarım əsrlik tarixi ərzində 621 alpinist ala bilmişdir.
Bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülmüşdür.