İQTİSADİYYAT
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır
Bakı, 13 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirilmişlər ki, görüşdə nazir müavini Natiq Abbasov Azərbaycanın son illər iqtisadi sahədə qazandığı uğurlar barədə qonaqlara geniş məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmiz öz enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə nail olmuşdur. Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoymuşdur. Prioritetlərimizdən biri də təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımız müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarılır. Azərbaycan hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikilməsi tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirmişdir. Həmçinin Azərbaycan Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi mühüm rol oynayır. Digər tarixi nailiyyət Azərbaycan qazının ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisidir.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və enerji təhlükəsizliyi məsələsinə yanaşma ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.
Enerji ehtiyatlarının istismarından əldə edilmiş irimiqyaslı gəlirlərin istifadəsi ilə bağlı qonaqları maraqlandıran suallara cavabında Natiq Abbasov hazırda bu gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələri, xüsusilə sənaye, kənd təsərrüfatı, təhsil, hərbi, turizm, sosial və digər sahələrin inkişaf etdirilməsinə yönəldildiyini bildirmişdir.
Dünyanın enerji təminatının müxtəlifliyində Azərbaycanın rolunu yüksək qiymətləndirən qonaqlar bunun enerji təhlükəsizliyinin başlanğıc nöqtəsi olduğunu diqqətə çatdırmışlar.
Görüşdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Mario David, Fransadan Rəşidə Dati, Polşadan Filip Kaçmerak, Portuqaliyadan Xorxe Morqadu və digər avroparlamentarilər iştirak etmişlər.