SİYASƏT
Azərbaycan bütün məsələlərdə Türkiyəyə arxalana bilər
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan bütün məsələlərdə Türkiyəyə arxalana bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 26-da Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun jurnalistlərə müsahibəsində demişdir.
Bu tarixin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası, o cümlədən Türkiyə üçün kədərli bir gün olduğunu söyləyən diplomat qeyd etmişdir ki, soyqırımı qurbanlarının xatirəsinin anılması 22 il əvvəl fevralın 26-da Xocalıda baş vermiş hadisələri dünya ictimaiyyətinə təkrar xatırlatmaq üçün əhəmiyyətli vasitədir. Bildirmişdir ki, bu günün anılması həm soyqırımında şəhid olmuş bacı-qardaşlarımızın əziz xatirəsinin yad edilməsi, eyni zamanda, həmin şəhidlərin yaxınlarının, faciədən sağ çıxmış insanların dərdinə şərik çıxmaq üçün də əhəmiyyət daşıyır.
Səfir demişdir ki, Türkiyə bütün məsələlərdə, o cümlədən Xocalı soyqırımının tanıdılmasında da Azərbaycanın yanındadır. Türkiyədə müxtəlif qurumlar - universitetlər, bələdiyyələr və s. mərkəzlər tərəfindən Xocalı soyqırımının anma mərasimləri təşkil edilmiş, səfirliyimizdə də belə bir tədbir keçirilmişdir. Türkiyə Respublikasının Baş naziri, Böyük Mİllət Məclisinin sədri və digər rəhbər şəxslər Xocalıda şəhid olanların, həm də Türkiyənin övladları olduğunu vurğulayaraq öz narahatlıqlarını bəyan etmişlər.
“Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır və ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir”, - deyən A.Coşkun Türkiyənin bundan sonra da həm Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ölkəmiz ilə birgə fəaliyyət göstərəcəyini dilə gətirmişdir.