MƏDƏNİYYƏT
“Azərbaycan dəyişən dünyada” beynəlxalq ədəbiyyat müsabiqəsinə yekun vurulmuşdur
Bakı, 7 may (AZƏRTAC). “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının “İnterfaks-Azərbaycan” Agentliyinin, habelə “Zerkalo” və “Exo” qəzetlərinin informasiya dəstəyi ilə təşkil etdiyi “Azərbaycan dəyişən dünyada” beynəlxalq ədəbiyyat müsabiqəsi başa çatmışdır.
“Luç” assosiasiyasının sədri Həsən Quliyev mərasimi açaraq müsabiqənin sponsorlarına – “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru A.İvanova, Milli Məclisin deputatı, yazıçı-publisist E.Axundovaya, Milli Məclisin deputatı, Azərbaycan rus icmasının sədri M.Zabelinə təşəkkürün bildirmişdir.
Çıxış edənlər son vaxtlar keyfiyyətcə yeni səviyyəyə qalxmış “Luç” assosiasiyasının fəaliyyətindən danışmışlar.
A.İvanov bildirmişdir ki, Azərbaycanda rus dilinin, mədəniyyətinin, nəşrlərinin və mətbuatının qorunub saxlanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləridir.
“Luç” assosiasiyasının məsul katibi Marina Mürsəlova iki nominasiyanın qaliblərini elan etmişdir. “Bakı haqqında ən yaxşı şeir” nominasiyasında birinci yeri Arif Turan (“Doğma Bakı”, Azərbaycan), ikinci yeri Tatyana Troşina (“Keçmişlə görüş” Rusiya), üçüncü yeri Leyla Beyimova (“Bir daha “əyri”dən keçmək istərdim” Çexiya) tutmuşlar.
“Publisistika” nominasiyasında birinci yerə Sare Oğuz (“Vətənin qürbəti” Azərbaycan), ikinci yerə Oksana Bulanova (“Azərbaycan mozaikası” Rusiya) layiq görülmüşlər.
Üçüncü yeri Mark Verxovski (“Bakıda mühaciri heyrətə gətirmiş 12 gün”, ABŞ), Semyon Kastryulin ( “Dünyalar arasında körpülər” Azərbaycan) bölüşmüşlər.