ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində yay semestrinin ödənişsiz keçirilməsi digər ali təhsil ocaqları üçün örnəkdir
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin yay məktəbi öz işini uğurla davam etdirir. Belə ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın qərarına əsasən, ödənişsiz təşkil edilən builki yay semestrində mühüm yeniliklər tətbiq olunub. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Universitetin tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzinin direktoru Rəna Fərəcova bu yay semestrində ilk dəfə online şəkildə qeydiyyatın aparıldığını vurğulayaraq deyib: “Bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb”.
Yay məktəbinin 102 qrup üzrə təşkil olunduğunu diqqətə çatdıran məktəbin rəhbəri, təhsil fakültəsinin dekan müavini Bənövşə Məmmədova bildirib ki, bu prosesə 61 müəllim cəlb edilib. “Rektorun təhsil, tərcümə, filologiya və jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər, magistratura fakültələrində yay semestrinin ödənişsiz keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndiririk. 2016-2017-ci tədris ilində yay semestrinin ödənişsiz təşkil olunmasında məqsəd əvvəlki semestrlərdən akademik borcu olan tələbələrin kredit borclarının əlverişli, rahat və dinamik şəkildə ödənilməsini təmin etməkdir. Bu il yay məktəbində yalnız ADU-nun tələbələri deyil, ölkəmizin Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti, həmçinin Kanadanın Toronto Universitetinin tələbələri də iştirak edirlər”, - deyə B.Məmmədova bildirib.
Tələbələrin dərslərdə fəal iştirak etdiklərini vurğulayan ADU-nun II xarici dil kafedrasının baş müəllimi Rəhimə Babayeva deyib ki, rektor Kamal Abdullanın tələbələrin vəziyyətlərini nəzərə alaraq belə bir təşəbbüsü irəli sürməsi humanist addımdır. Tələbələr əvvəlki illərdə keçirilən yay məktəbləri ilə müqayisədə dərslərdə daha fəal iştirak edirlər. Yay məktəbi tələbələrin imtahanlarını uğurla vermələrinə şərait yaradacaq.
ADU-nun təhsil fakültəsinin tələbələri Sədəf İsmayılova və Gülnarə Cəfərova diqqətə çatdırıblar ki, bir ay ərzində dərslərə mütəmadi qatılan tələbələr imtahanlarda uğurlu nəticə əldə etmək şansı qazanırlar. Tələbələr onların maddi vəziyyətlərini nəzərə alaraq, builki yay məktəbinin ödənişsiz etdiyinə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu istiqamətdə ADU digər universitetlərə bir örnəkdir. Bu qərardan sonra tələbələr imtahanlara daha ciddi hazırlaşır və bunu görən müəllimlər isə işlərinə məsuliyyətlə yanaşırlar.
Xatırladaq ki, ADU-da iyulun 18-dən etibarən başlayan yay semestri beş tədris həftəsi və bir həftə imtahan sessiyasından ibarət olmaqla avqustun 15-dək davam edəcək.