MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 1-də R.Leonkavallonun “Payatsı”, ayın 4-də Q.Donisettinin “Sevgi şərbəti” operaları, 6-da isə A.Adanı “Jizel” baleti təqdim ediləcəkdir.
Dekabrın 7-də bu səhnədə Moskva Teatrının kollektivi tərəfindən “Master və Marqarita” tamaşasının nümayişi gözlənilir.
Xalq Artisti Gülxar Həsənovanın 95 illik yubileyi münasibətilə dekabrın 8-də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası oynanılacaqdır.
Opera və Balet Teatrının kollektivi dekabrın 13-də Z.Hacıbəyov və Niyazinin “Aşıq Qərib”, ayın 14-də J.Bizenin “Karmen” operalarını, 15-də isə F.Əmirovun “Min bir gecə” baletini təqdim edəcəkdir.
Dekabrın 19-da Q.Qarayevin “Leyli və Məcnun”, F.Qarayevin “Qobustan kölgələri” baletləri nümayiş olunacaqdır. Sonuncu bəstəkarın 70 illik yubileyinə həsr olunacaqdır.
Bu səhnədə türk müğənnisi Əhməd Şəfəqin konserti dekabrın 21-də nəzərdə tutulmuşdur.
C.Verdinin “Traviata” operası dekabrın 22-də, P.Çaykovskinin “Şelkunçik” baleti ayın 24-də oynanılacaqdır.