CƏMİYYƏT
Azərbaycan Dövlət İqtisad Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev universitetin qadınlarını bayram münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Onlar hazırda ölkəmizin ictimai-siyasi, iqtisadi mədəni həyatının fəal iştirakçısıdır. Ölkə əhalisinin 51 faizini təşkil edən Azərbaycan qadını iqtisadiyyatın bütün sahələrində çalışır. Bu gün Azərbaycan qadınına xas olan incə, zəriflik, insansevərlik və mərhəmətlik cəhətləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevada təcəssüm edilir.
Digər çıxış edənlər də qadınların qazandığı nailiyyətlərə ölkə rəhbərinin apardığı düzgün siyasət nəticəsində nail olunduğunu söyləmişlər.
Tədbirdə universitetin bir qrup xanım əməkdaşına təşəkkür elan olunmuşdur.
Sonda qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.