MƏDƏNİYYƏT
Azərbaycan futbolunun 100 illiyinə həsr edilmiş sənədli filmin təqdimatı olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində “Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə rejissor Arzu Urşan çıxış edərək bildirmişdir ki, “Salnamə” studiyasında bu il çəkdiyi və Azərbaycan futbolunun yaranmasının 100 illiyinə həsr olunmuş yeni ekran əsəri artıq cari ilin sentyabrında Rusiyanın Lipetsk şəhərində keçirilmiş “Atlant” VIII Beynəlxalq idman filmləri festivalında “Olimpiya ideallarına sədaqət nominasiyasında birinci mükafata layiq görülmüşdür. Bundan alavə, “Top həm düşər, həm qalxar” sənədli filmi noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq idman filmləri festivalında qalib adını qazanmışdır.
Rejissor filmin Milan şəhərində nümayiş olunmasına göstərdikləri dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Mədəniyyət və Turizm Nazirliyinə xüsusi təşəkkürünü bildirmişdir.
Filmin təqdimatında Bakının “Neftçi” və Moskvanın “Dinamo” komandalarının əfsanəvi hücumçusu Ələkbər Məmmədov, Anatoli Banişevskinin ailəsi, Valeri Hacıyev, Mübariz Zeynalov kimi görkəmli futbol ustaları iştirak etmişlər.
Filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçı Sergey Kolmıkov, fotoqraf Elşən Əliyevdir.