İDMAN
Azərbaycan güləşçiləri Makedoniyada keçirilən Avropa çempionatında uğurla çıxış etmişlər
Bakı, 8 iyul (AZƏRTAC). Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparmışlar. Güləşçilərimiz son gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Yarışa 1/8 finaldan mübarizəyə başlayan Ruslan Surxayev (55 kq) Ukrayna güləşçisi Vitali Rudenkonu məğlub etmişdir. 1/4 finalda ermənistanlı Artak Hovannisyanla qarşılaşan təmsilçimiz qalib gəlmiş və yarımfinala vəsiqə qazanmışdır. Polşa güləşçisi Tomazs Ogonovskini tam üstünlüklə məğlub edən R.Surxayev finala yüksəlmişdir. Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Nebi Uzun olmuşdur. Tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olmuşdur.
Hacımurad Ömərov (66 kq) da 1/8 finaldan yarışa qoşulmuş, fransalı Conni Buru məğlub edən güləşçimiz 1/4 finala yüksəlmişdir. Bu mərhələdə o, gürcüstanlı Davit Buziaşvili ilə qarşılaşmışdır. İnamlı qələbə qazanan güləşçimiz yarımfinala yüksəldib. Yarımfinalda almaniyalı Kevin Henkeli də məğlub edən H.Ömərov finala yüksəlmişdir. Ancaq finalda Türkiyə güləşçisi Selahaddin Kılıçsallayanla görüş güləşçimiz üçün uğurlu alınmamış və H.Ömərov gümüş medalla kifayətlənmişdir.
Əli Maqomedabirovun (120 kq) ilk rəqibi isə Rusiya güləşçisi Edvard Kodolayev olmuşdur. Təmsilçimiz çempionata qələbə ilə başlamışdır. 1/4 finalda Türkiyə güləşçisi Yunus Emre Dedeni məğlub edən pəhləvanımız yarımfinala yüksəlmişdir. Yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxmışdır. Ermənistanlı güləşçi Hamlet Abrahamyanı tam üstünlüklə məğlub edən Ə.Maqomedabirov Avropa çempionatının bürünc mükafatını qazanmışdır.
Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışların ilk gününü 2 gümüş və 1 bürünc medalla tamamlamışdı. Ümumilikdə, 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olmuşlar. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşmışdır.