İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayır
Bakı, 22 may, Aygün Həsənova, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 22-də “JW Marriott Absheron” otelində təşkil edilən tədbirdə məlumat verilib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Summer Tour” və İspaniyanın “Terrama Group” turizm şirkətlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə yeni açılan reysin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı səfərlərin təşkilinə töhfə verəcəyi bildirildi. Həmçinin Bakı-Barselona-Bakı marşrutunun açılmasının birinci Avropa Oyunları ərəfəsinə təsadüf etməsi xüsusi vurğulandı.
Tədbirdə bildirildi ki, İspaniyanın Barselona şəhərinə ilk uçuş mayın 23-dən “Azərbaycan Hava Yolları”na məxsus müasir tipli təyyarə ilə reallaşacaq. Bundan sonra həftədə bir dəfə, şənbə günləri Barselonaya və geriyə “AZAL”ın “Airbus-319” və “Airbus-320” təyyarələri ilə birbaşa reyslər həyata keçiriləcək.
İspaniyalı qonaqlar Azərbaycanda böyük turizm imkanlarının şahidi olduqlarını dedilər. Bildirildi ki, turizm sahəsindəki əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün lazımi səylər göstəriləcək. İspaniyalı turistlərin ölkəmizdə, azərbaycanlıların isə İspaniyada istirahəti üçün müxtəlif turlar təşkil ediləcək.
İspaniyaya ilk reysin sərnişinləri sırasında Azərbaycanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlər də olacaq.