İDMAN
Azərbaycan idmançıları avarçəkmə üzrə dünya kuboku yarışlarının ikinci mərhələsində iştirak edirlər
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 20-də Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə dünya kuboku yarışlarının ikinci mərhələsi başlamışdır.
AZƏRTAC xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edir.
Əsas diqqət son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrov ilə Boris Yotova yönəlmişdir. Aleksandrov - Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaqdır. Bu cütlüyün 21 rəqibi olacaqdır.
İki nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç - Luka Dordeviç cütlüyü çıxış edəcəkdir. Onların 12 rəqibi vardır.
Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərdə iştirak edəcəkdir.
Turnirə iyunun 22-də yekun vurulacaqdır.