İDMAN
Azərbaycan idmançıları Finlandiyada keçirilən dünya çempionatında iştirak edirlər
![](/files/galleryphoto/2013/2/1200x630/1407927848590530766_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/1407927848276775157_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278485763748302_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278485737715771_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/1407927848581158840_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278484902717397_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278485352211505_1200x630.jpg)
Bakı, 8 iyul (AZƏRTAC). Finlandiyanın Vuokatti şəhərində idman səmtləşməsi üzrə 30-cu dünya çempionatı (World Orienteering Championships) keçirilir. Azərbaycanın idman səmtləşməsi üzrə milli yığması həmin çempionatda iştirak edir.
Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyasının (ARİSF) mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, yarışlarda 74 ölkədən 400-ə yaxın idmançı iştirak edir.
Azərbaycan bu beynəlxalq yarışda ilk dəfə iştirak edir. ARİSF prezidenti Mirəli Kazımovun və baş məşqçi Nizami Mursaqulovun rəhbərlik etdiyi Azərbaycan yığmasına 4 idmançı daxildir.
İyulun 7-də Mirəli Kazımov və Faiq Bağırov kişilər arasında, Natalya Əliyeva isə qadınlar arasında uzaq məsafələrə qaçışda iştirak etmişlər. Yarışların qaydalarına görə kişilər (“Men qualification - 2” qrupu, marşrutun uzunluğu 12,5 kilometr) 21 nəzarət məntəqəsində, qadınlar isə (“Women qualification -1” qrupu, marşrutun uzunluğu 8,5 kilometr) 13 nəzarət məntəqəsində qeydiyyatdan keçməli idilər.
Çempionatda Azərbaycanı təmsil edən daha bir idmançı - Yana Maşkova yarışlara iyulun 8-də qatılacaqdır.
Dünya çempionatı çərçivəsində Beynəlxalq İdman Səmtləşməsi Federasiyasının (İOF) vitse-prezidenti Astrid Valer Kaas idman səmtləşməsinin inkişafına yönəlmiş yarışların təşkilinə və keçirilməsinə həsr olunmuş seminar məşğələləri keçirir.
İdman səmtləşməsi yarışlarında iştirakçılar ərazidə planlaşdırılmış və nəzarət məntəqələri ilə qeyd olunmuş marşrutu idman xəritəsindən və kompasdan istifadə etməklə qət etməlidirlər. Bir qayda olaraq, bu yarışların nəticələri marşrutun qət olunmasına sərf edilmiş vaxta (müəyyən hallarda cərimə vaxtı nəzərə alınmaqla) və toplanmış xalların sayına əsasən təyin edilir.
İdman səmtləşməsi üzrə yarışlar müxtəlif qruplarda keçirilir. Həmin qruplar həm yaş prinsipinə əsasən, həm də iştirakçıların ustalıq səviyyəsinə görə tərtib edilə bilər. Marşrutun mürəkkəbliyi və uzunluğu yaş qrupuna və yarışların keçirildiyi ərazidə relyefin mürəkkəbliyinə əsasən müəyyən edilir. Bu halda marşrutun mürəkkəblik dərəcəsi elə olmalıdır ki, idmançılar səmtləşmə bacarığı və yaxşı fiziki hazırlıq sayəsində həmin marşrutu qət edə bilsinlər.