İDMAN
Azərbaycan idmançısı akademik avarçəkmə üzrə dünya çempionatında mübarizəyə başlayır
Bakı, 7 avqust (AZƏRTAC). Litvanın Trakay şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanı yeniyetmələr arasında son Avropa çempionu Boris Yotov təmsil edəcəkdir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafə qət edəcəkdir. Əsasnaməyə görə, B.Yotov finala yüksəlməyi bacarsa, yeniyetmələr olimpiadasına vəsiqə qazanan ilk Azərbaycan idmançısı olacaqdır.
Artıq B.Yotovun ilk rəqibləri də məlumdur. O, avqustun 7-də Bakı vaxtı ilə saat 20:30-da seçmə mərhələdə Nikolay Sirotsin (Belarus), Andreyya Slyukiç (Serbiya), Kristofer Mittendorf (CAR), Pyer de Loof (Belçika) və Esteban Paçeko Domingeslə (Meksika) yarışacaqdır. İlk üç yerin sahibləri birbaşa dörddəbir finala, sonrakı yerləri tutanlar isə təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşləri avqustun 8-də, final yürüşləri isə avqustun 9-da olacaqdır. Avqustun 10-da yarımfinal, 11-də isə final yürüşləri keçiriləcəkdir.
Qalve gölündə keçiriləcək nüfuzlu yarışda 59 ölkədən 800-dək avarçəkən mübarizə aparacaqdır.
Bu çempionat 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək olimpiadada həm oğlan, həm də qız avarçəkənlərin 1 nəfərlik (JM1x) və 2 nəfərlik sükansız (JM2-) qayıqlarla iştirakına icazə veriləcəkdir.