ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2021-2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başa çatıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, əyani formada şifahi, ehtiyac olduğu təqdirdə, yazılı formada keçirilib.
Ali təhsil müəssisəsində xüsusi karantin rejiminin tələblərini, eyni zamanda, “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”i nəzərə alaraq, sessiyada tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması məqsədilə ali təhsil müəssisəsində qərargah və onun nəzdində apellyasiya komissiyası yaradılıb. Qərargaha daxil olan müraciətlər qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbirlər görülüb.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri yüksək nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına, həmçinin QMİ-nin təsis etdiyi Şeyxülislam adına və akademik Vasim Məmmədəliyev adına təqaüdlər veriləcək.