MƏDƏNİYYƏT
Azərbaycan ilə Özbəkistan arasında mədəni sahədə əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini Aziz Abduhakimov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əbülfəs Qarayev qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verib. Bildirib ki, ölkə mədəniyyətinin inkişafı və dünyada təbliği istiqamətində dövlət səviyyəsində fəal iş aparılır.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir bu mərkəzin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Özbəkistan Respublikası Baş Nazirinin müavini Aziz Abduhakimov Azərbaycana ilk dəfə səfər etdiyini deyib və ölkəmizdə gördüklərindən məmnun qaldığını ifadə edib: “Azərbaycan bizim üçün qardaş ölkədir. İki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mühiti var. Biz bu əməkdaşlıq səviyyəsini daha da inkişaf etdirə bilərik. O cümlədən qarşılıqlı olaraq mədəniyyət sahəsində, xüsusilə də teatr və musiqi kollektivlərinin səfərlərini təşkil edə bilərik”.
Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.