İQTİSADİYYAT
Azərbaycan informasiya texnologiyalarının inkişafı reytinqində 5 pillə irəliləmişdir
Bakı, 12 aprel (AZƏRTAC). Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafı haqqında (Global Information Technology Report 2013) yeni hesabat dərc etmişdir.
AZƏRTAC xəbər verir ki, forumun saytında yerləşdirilən hesabatda dünyanın 144 ölkəsinin şəbəkə hazırlığı indeksi (NRİ) öz əksini tapmışdır. Azərbaycan ötən ilki göstəricisini 5 pillə yaxşılaşdıraraq hesabatda 4,11 balla 56-cı mövqeni tutmuşdur.
DİF mütəxəssisləri "Azərbaycan: sürətlə dəyişən dünya şəraitində böyük ambisiyalar" başlığı altında ölkəyə ayrıca bölmə həsr etmişlər. Burada respublikanın informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və bu sektorda maksimum fayda əldə olunması üzrə səyləri haqqında danışılır.
DİF-nun mütəxəsisləri Azərbaycanda informasiya texnologiyalarının inkişafının bu sektorun hökumət üçün prioritet olduğunu qeyd etmişlər.
Hesabatda birinci yeri Finlandiya tutmuşdur. İkinci yerdə Sinqapur, üçüncü yerdə isə İsveç qərarlaşmışdır. İlk onluğa Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Çin daxil olmuşdur.
Hesabatın hazırlanmasında məqsəd internet şəbəkələrinin inkişafına təsir edən amilləri müəyyənləşdirmək, informasiya texnologiyalarının inkişafında nizamlama və biznes-infrastruktur amillərinin analizidir.