CƏMİYYƏT
Azərbaycan İntellektual Oyunlar Klubunda oyun mövsümünə yekun vurulmuşdur
![Azərbaycan İntellektual Oyunlar Klubunda oyun mövsümünə yekun vurulmuşdur](/files/2014/2/1200x630/14087123475527111128_1200x630.jpg)
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycan İntellektual Oyunlar Klubu oyun mövsümünə yekun vuraraq fərqlənən komandaları bir yerə toplamışdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, həm universitetlər arasında keçirilən sinxron çempionatın, həm də Azərbaycan və rus dillərində keçirilən premyer liqanın ümumi xal nəticələrinə uyğun olaraq qalib komandalar klub tərəfindən sertifikat və qiymətli hədiyyələrlə, iştirak edən bütün komandalar isə sertifikatlarla təltif olunmuşlar.
Sinxron çempionat üzrə Bakı Dövlət Universitetinin “Latimeriya” komandası birinci, Bakı Ali Neft Məktəbinin “Brainstorm” komandası ikinci, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Flaqman” komandası isə üçünü yeri tutmuşlar.
Birinci, ikinci, üçüncü olmuş komandaların üzvləri “Əli və Nino” kitab mağazaları şəbəkəsi tərəfindən hədiyyə çekləri qazanmışlar.
Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən intellekt həvəskarları üçün həftənin şənbə günləri bir sıra orta və ali ixtisas məktəblərində müxtəlif formatlı intellektual oyunlar təşkil edilir.
Klubun prezidenti Aydın Piriyev qeyd etmişdir ki, qurum respublika üzrə tələbələrin cəlb olunmasına görə sıraları ən geniş olan klublardandır. Komandalar ayrı-ayrı televiziya layihələri və müxtəlif turnirlərdə klubu layiqincə təmsil edirlər.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının da üzvü olan klub universitet, məktəb və müxtəlif regional intellektual klubları ətrafında birləşdirir. Respublikanın ali təhsil müəssisələri arasında keçirilən çempionatda Azərbaycanın müxtəlif universitetlərindən tələbələr iştirak edir.
Tələbə çempionatında yüksək nəticələr göstərən komandalar Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunan Azərbaycan və rus dillərində keçirilən premyer liqalarda təmsil edilmək şansı qazanırlar. A.Piriyev qeyd etmişdir ki, premyer liqada mövsüm başlanıldıqdan sonra yarışlara ümumilikdə doxsandan çox komanda qatılmışdır. Azərbaycan dilində keçirilən premyer liqa üzrə “HİT” komandası birinci, “Vanuatu” komandası ikinci, “Hərum” komandası isə üçüncü yerin sahibi olmuşdur.
Rus dilində keçirilən turnirdə isə birinci pilləni “Kapital”, ikinci yeri “Znatoki”, üçüncü yeri isə “Linkoln” komandaları tutmuşlar.
Klubda intellektualların təşəbbüsü və təşkilatçılığı ilə keçirilən fərdi oyun üzrə turnirin qalibləri də müəyyənləşmişdir. Çempionluğu Əli Babazadə bayram etmişdir. İkinci yerdə Fərid Nəsrulla, üçüncü yerdə Elgün Əbdürrəhmanov, dördüncü yerdə isə Aytəkin Əsədzadə qərarlaşmışlar.