Azərbaycan memarlığı yeni inkişaf dövrünü yaşayır
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev paytaxtımızda keçirilən birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Ə.Qarayev Azərbaycanda memarlıq sənətinin keçdiyi tarixi yola nəzər salmış, ölkəmizdə qorunan qədim memarlıq nümunələrinin əhəmiyyətindən söz açmışdır.
Nazir demişdir ki, qədim və müasir memarlıq nümunələri ölkəmizə xüsusi gözəllik verir. Bu tarixi abidələrin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür.
Azərbaycanda bir-birinin ardınca yeni abidə tipli binaların inşa edilərək istifadəyə verildiyini deyən natiq vurğulamışdır ki, hər dövrün tikinti hadisəsi onun memarlıq sənətinin inkişafı deməkdir. Bir sözlə, bu gün Azərbaycan memarlığı yeni inkişaf dövrünü yaşayır.
Ölkəmiz müasirləşdikcə onun abidələrinin sırasına yeni sənət inciləri daxil olur. Son illər Bakıda onlarla yeni sənət abidəsi inşa edilmişdir. Bu abidələr milli maraqlarımızı, xalqımızın dünya görüşünü özündə əks etdirir. Bu tikililər üslub və forma baxımından bir-birilə doğmalıq təşkil edir.
Ə.Qarayev demişdir ki, müsabiqəyə Azərbaycan memarları da 100-ə yaxın iş təqdim etmişlər. Bu, bizi olduqca sevindirir. İnanırıq ki, bu müsabiqə yeni memarlar nəslinin yetişməsinə, formalaşmasına, tanınmasına öz töhfəsini verəcəkdir.
Müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakin, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali səmimi görüşə görə minnətdarlıqlarını bildirmişlər.
Qonaqlar Şərq və Qərb memarlıq üslubunu özündə yaşadan Bakıda olmalarından məmnunluqla danışmış və paytaxtımızda aparılan quruculuq işlərini yüksək qiymətləndirmişlər.
Diqqətə çatdırılmışdır ki, Bakıda təşkil edilmiş bu möhtəşəm müsabiqədə layiqlilər birincilik qazanacaqlar.
Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi noyabrın 5-dək davam edəcəkdir.