ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının illik hesabatı dinlənilib
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun sosial və ictimai həyatında AHİ-nin rolundan danışıb. O, Azad Həmkarlar İttifaqının fəaliyyətini yüksək dəyərləndirib, əməkdaşların sosial-iqtisadi problemlərinin həllində bu qurumun yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Akademik A.Əlizadə həmkarlar İttifaqının cəmiyyətdəki rolu, mövqeyi, digər ictimai birliklərlə əlaqələri və ictimai-siyasi proseslərə münasibətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Müasir dövrün çağırışlarının AHİ qarşısında çox ciddi vəzifələr qoyduğunu söyləyən AMEA-nın rəhbəri Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların, o cümlədən akademiyada aparılan islahatların daha səmərəli nəticələr verməsi üçün həmkarlar təşkilatlarının bundan sonra da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirəcəyinə əminliyini bildirib.
Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyevin 2014-cü ilin yekunlarına dair məruzəsi dinlənilib. AHİ-nin sədri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi və digər məsələlərin dövlətimizin başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri olduğunu diqqətə çatdırıb. Son illərdə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlərdən söz açıb.
AMEA-da aparılan məqsədyönlü islahatlar və innovativ fəaliyyət çərçivəsində görülən işlərdən danışan İ.Alıyevin akademik A.Əlizadənin yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
AHİ sədrinin müavini, professor İsaxan Vəliyev qurumun fəaliyyətinin hüquqi aspektləri ilə bağlı çıxış edərək həmkarlar ittifaqının başlıca vəzifələrindən birinin əmək adamlarının hüquq və mənafelərini qorumaq olduğunu bildirib.
Sonra AHİ-nin 2014-cü ildəki fəaliyyətinə dair müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.