İDMAN
Azərbaycan nümayəndə heyəti Makedoniyada keçirilən Avropa Atletika Konqresində iştirak edir
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də Makedoniyanın paytaxtı Skopyedə 23-cü Avropa Atletika Konqresi işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, aprelin 13-dək davam edəcək konqresə Avropa Atletika Assosiasiyasına üzv ölkələrdən nümayəndələr və kütləvi informasiya vasitələri qatılmışlar. İki ildən bir keçirilən Avropa Atletika Konqresi Avropa Atletika Assosiasiyasının ali orqanları və üzvlərinin ümumi yığıncağıdır.
1999-cu ildən Avropa Atletika Assosiasiyasının üzvü olan Azərbaycan bu il də adıçəkilən Konqresdə iştirak edir. Azərbaycanın nümayəndə heyəti Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayevadan ibarətdir.
Qeyd edək ki, konqresdə Şura və Federasiya üzvlərinin təklifləri, əsas maliyyə məsələləri, o cümlədən də, növbəti Avropa Atletika Konqresinin yeri və zamanı müzakirə olunacaqdır.