AZƏRBAYCAN ÖZ İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUR
XƏZƏR ŞELFİNDƏ YATAQLARIN BİRGƏ İŞLƏNMƏSİ HAQQINDA BAKIDA AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ İLƏ XARİCİ NEFT ŞİRKƏTLƏRİNİN KONSORSİUMU ARASINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
Mərasimə toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi səmimi salamlamışlar. O, imzalanma mərasimini açmışdır. Heydər Əliyev çıxış edərək, danışıqların gedişindən ətraflı danışmış, xarici neft şirkətləri ilə müqavilənin Azərbaycan üçün əhəmiyyətinə qiymət vermişdir. O qeyd etmişdir ki, xarici firmalarla əməkdaşlıq respublikanın iqtisadi tərəqqisi, onun dünya iqtisadiyyatına qoşulması üçün geniş yol açır. Həmçinin, qeyd edilmişdir ki, müqavilənin imzalanması nəinki layiqli işgüzar ortaq kimi, həm də hərtərəfli və bərabərhüquqlu əməkdaşlığa açıq olan dövlət kimi Azərbaycanın nüfuzunu yüksəldəcək və xarici ölkələrin ona etimadını möhkəmlədəcəkdir.
Sonra müqavilənin imzalanması mərasimi olmuşdur. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş”i (sənəd rəsmən belə adlanır) Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, konsorsuma xaricdən daxil olan neft şirkətlərinin prezidentləri imzaladılar.
Heydər Əliyev mərasim iştirakçılarını, bütün Azərbaycan xalqını respublikamızın inkişafında yeni mərhələ olan bu tarixi hadisə münasibətilə təbrik etmişdir.
Sonra “BritişPetroleum” Şirkətinin prezidenti Con Braun, “AMOKO”nun prezidenti Uilyam Lauri, “Penzoyl”un prezidenti Tom Hamilton, Türkiyənin dövlət naziri Nəcməddin Cövhəri, Böyük Britaniyanın energetika naziri Timoti Eqqar, ABŞ energetika nazirinin müavini Uilyam Uayd, Norveçin sənaye və energetika nazirinin birinci müavini Qunnar Murvaiq, Rusiya Federasiyası energetika və Yanacaq Sənayesi Nazirliyi Baş İdarəsinin rəisi Stanislav Puqaç, İslam İnkişaf Bankının prezidenti Osam Cəfər Fakih təbrik və minnətdarlıq sözü ilə Heydər Əliyevə və bütün Azərbaycan xalqına müraciət etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə yekun nitqi söyləmişdir.
Təntənəli mərasimdə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev, respublikanın Baş naziri Surət Hüseynov, Baş nazirin birinci müavini Fuad Quliyev, Azərbaycanın dövlət müşavirləri Vahid Axundov, Qabil Hüseynli, Hidayət Orucov, Baş nazirin müavini Əsgər Məmmədov, Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyev və digər rəsmi şəxslər iştirak etmişlər.
Qəbulda Azərbaycan Prezidenti Heydər Əliyev nitq söyləmişdir.
Qəbul səmimilik, dostluq şəraitində keçmişdir.