İDMAN
Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarının təqvimi müəyyənləşib
Bakı, 31 yanvar, AZƏRTAC
Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında “Keşlə” və “Səbail” komandaları görüşəcəklər. “ASK Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.
Günün ikinci görüşündə “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Turun üçüncü oyunu fevralın 8-də oynanılacaq. “Sumqayıt” komandası doğma meydanda “Zirə”ni qəbul edəcək. Matç saat 17:30-da başlayacaq.
Premyer Liqanın XVI turuna həmin gün saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı ilə yekun vurulacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (18), “Zirə” (17), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.