RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BP ŞİRKƏTİNİN KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİ ÜZRƏ BAŞ İCRAÇI DİREKTORU ENDİ İNQLİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Prezident sarayında bp şirkətinin
kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisi qəbul etmişdir.
Dövlətimizin başçısı 1994-cü ildən başlayaraq respublikamızda həyata keçirilən neft strategiyasının hazırda gözəl nəticələr verdiyini və ölkəmizin energetika sahəsində yeni inkişaf mərhələsində olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın bp şirkəti ilə əlaqələrinin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Endi İnqlis artıq Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə böyük həcmdə neftin dünya bazarlarına çıxarıldığını qeyd edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft strategiyası ilə bağlı bütün ideyalarının reallığa çevrildiyini bildirdi. Qonaq təmsil etdiyi şirkətin Azərbaycan ilə əməkdaşlığını gələcəkdə də inkişaf etdirəcəyinə əminliyini ifadə etdi.