RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GƏNC TAMAŞAÇILAR TEATRININ BİNASINDA APARILMIŞ BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında aparılmış bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə teatrın binasının bərpa və yenidənqurmayaqədərki və indiki görünüşünü, eləcə də bərpa işlərinin gedişini əks etdirən şəkillərə baxdılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin teatr tarixində özünəməxsus yeri olan Gənc Tamaşaçılar Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin noyabrında başlanmış, Prezidentin 2007-ci il 19 fevral tarixli müvafiq Sərəncamından sonra geniş vüsət almışdır. Sərəncama uyğun olaraq yeni layihə, təklif və eskizlər hazırlanmışdır. Dövlətimizin başçısının 2007-ci ilin avqustun 15-də burada vəziyyətlə tanış olmasından sonra işlər xüsusilə sürətlənmişdir.
Binanın bütün elektrik və su xətləri, istilik və havalandırma sistemləri tamamilə yeniləşdirilmişdir. 360 yerlik əsas tamaşa salonu tamamilə yeni görkəm almışdır. Teatrda əlavə 40 yerlik kiçik tamaşa salonu və 2 məşq salonu da yaradılmışdır. Təmir–bərpa işlərindən sonra teatrda eyni vaxtda 82 nəfərə xidmət edəcək 21 qrim otağı fəaliyyət göstərəcəkdir. Bütün otaqlar internet, kompyuter şəbəkələri, telefon rabitəsi və digər kommunikasiya sistemi ilə təchiz edilmişdir.
Quraşdırılmış 4 kameradan ibarət videoçəkiliş sistemi tamaşaların lentə alınmasına və canlı yayımına imkan verəcəkdir.
Dövlət başçısına teatrda quraşdırılmış avadanlığın imkanları nümayiş etdirildi. Səhnədəki monitorda Azərbaycanın turizm potensialını əks etdirən videokadrlar nümayiş olundu.
Spayder sistemində xüsusi şüşə və metal konstruksiyadan yığılan altıncı mərtəbədə qış bağı, kafe və çayxana fəaliyyət göstərəcəkdir. Binanın baş fasadı da spayder sistemi əsasında qurulmuşdur. Yenidənqurma işləri zamanı ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Çexiya, Türkiyə, Rusiya və digər ölkələrin avadanlıq və sistemlərindən, ən son texnologiyalarından istifadə olunmuşdur.
Bildirilmişdir ki, bundan sonra Azərbaycan Dövlət Gənclər Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrlarının kollektivləri birləşərək, yeni binada bir kollektiv kimi çalışacaqlar. Bu il 80 yaşı tamam olan Gənc Tamaşaçılar Teatrı cari ilin yayında Kazan şəhərində türkdilli xalqların beynəlxalq teatr festivalında Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə çıxış edəcəkdir. Cari mövsümdə teatr “Şeyx Sənan”, “Aydın”, “ Hekayəti-xırs quldurbasan” və sair tamaşaları, uşaqlar üçün “Yatmış gözəl” nağıl-tamaşasını göstərəcəkdir.
Prezident İlham Əliyev teatrın binasında paytaxtın mənzərəsini seyr etdi, yenidənqurma işlərini yüksək səviyyədə həyata keçirən inşaatçılarla görüşdü və onlara minnətdarlığını bildirdi.
######