RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NAFTALAN ŞƏHƏRİNƏ GƏLMİŞDİR
HEYDƏR ƏLİYEV PARKI VƏ MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Gəncədən Naftalan şəhərinə gəlmişdir.
Prezident İlham Əliyev əvvəlcə şəhərin mərkəzində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan parkla tanış oldu. Dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ümummilli liderin parkda ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri qoydular.
Prezident İlham Əliyev parkı gəzdi. Burada fəvvarələr quraşdırılmış, sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. 1967-ci ildə salınmış, 2006-cı ildə tamamilə yenidən qurulmuşdur. Dövlətimizin başçısı parkın daha da müasir formada abadlaşdırılması üçün müvafiq tövsiyələrini söylədi.
Sonra Prezident İlham Əliyev parkın ərazisində yerləşən Heydər Əliyev muzeyinə gələrək, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə və eksponatlara baxdı.
2006-cı ildə yaradılmış muzeydə 200-dən çox fotoşəkil və eksponat toplanmışdır. Onların arasında 1982-ci ildə ulu öndərin Naftalanın kurort şəhəri kimi inkişaf etdirilməsi ilə bağlı verdiyi qərar da vardır.
######