Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib YENİLƏNİB VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkmənistan və Azərbaycan prezidentləri görüşdə çıxış etdilər.

Prezident Qurbanqulu Berdiməhəmmədovun
çıxışı

-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, Sizi salamlamaq və bu görüşdə iştirak etdiyinizə görə təşəkkürümü bildirmək istərdim.

Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib.

Məlum olduğu kimi, 2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək.

Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir. Fürsətdən istifadə edib iki ölkənin mütəxəssislərinə və ekspertlərinə, həmçinin məhz bu sənədin hazırlanmasına töhfə verənlərin hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər. Burada iki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi. 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının uğurla keçirilmiş Zirvə görüşünün gedişində Türkmənistan ədalətli və şəffaf prinsiplərə, enerji mənbələrindən, onların çatdırılması vasitələrindən bərabərhüquqlu istifadəyə, həm istehsalçıların, həm də enerji resurslarını nəql edənlərin və istehlakçıların maraqlarının nəzərə alınmasına və tanınmasına əsaslanan qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasında qoşulmayan dövlətlərin fəal iştirakının tərəfdarı kimi çıxış edib.

Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində biz Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə çox məzmunlu və faydalı danışıqlar apardıq, bir sıra mühüm razılaşmalar əldə etdik. Bu gün biz məhz ikitərəfli münasibətləri ardıcıl olaraq möhkəmlətməyin zəruriliyini şüurlu olaraq anlamağa, Xəzərdə əməkdaşlığın əsas istiqamətləri üzrə uzunmüddətli maraqların üst-üstə düşməsinə, Xəzərdə bizim dövlətlər, digər sahilyanı ölkələr, həmhüdud regionlar və iri beynəlxalq biznes üçün yəqin ki, açılan çox böyük perspektivlərin başa düşülməsinə əsaslanırıq.

Nəqliyyat sferası da bizim tərəfdaşlığımızın mühüm sahəsidir. Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir.

Hörmətli İlham Heydər oğlu, biz birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq. Əminəm ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Bu tarixi sənədi dəstəklədiyinizə, xalqlarımız və dövlətlərimiz arasında dostluğun, qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinizə və şəxsi töhfənizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizi bugünkü əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, dövləti və siyasi fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Həmçinin bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm. İmzalama mərasiminin hörmətli iştirakçıları, icazə verin, çıxış üçün sözü dərin hörmətlə Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verim. Buyurun, qardaş.

Prezident İlham Əliyevin
çıxışı

- Çox sağ ol, qardaş. Hörmətli cənab Prezident, hörmətli Qurbanqulu Məlikquluyeviç. Sizi görməyimə çox şadam. Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.

İkitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunmaq istərdim. Siz bu barədə danışdınız. Mən Sizin sözlərinizi tamamilə dəstəkləyirəm ki, biz beynəlxalq strukturlarda bir-birimizi fəal dəstəkləyirik. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını keçən il qeyd etdiyiniz Türkmənistanın neytrallığının yubileyi münasibətilə təbrik etmək istərdim. Bir daha qeyd etməliyəm ki, Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, nəqliyyat sahəsində əməkdaşlığımızı Siz artıq qeyd etdiniz. Bu əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq.

Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.

Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, əlbəttə, Sizin müdrik rəhbərliyinizlə Türkmənistanın durmadan inkişaf etməsini xüsusi qeyd etmək istərdim. Siz öz ölkənizi inamla inkişaf, sosial həyatın ən mühüm məsələlərinin həlli, dövlətinizin sərhədləri ilə məhdudlaşmayan infrastruktur layihələrinin həyata keçirilməsi yolu ilə irəli aparırsınız. Həmhüdud dövlətlərdə də Sizin investisiya siyasətiniz barədə bilirəm. Bunsuz Lapis-Lazuli layihəsini bu gün reallaşdırmaq mümkün olmazdı. Mən bilmirəm, bəlkə də çoxları bilmir ki, bu gün Əfqanıstandan yüklərin Türkmənistana, Azərbaycana və daha sonra digər ölkələrə çatdırılmasını təmin edən dəmir yolu məhz Türkmənistanın qonşu Əfqanıstanda investisiyalara dair müdrik siyasəti nəticəsində inşa edilib. Buna görə də bu gün qeyd etmək istərdim ki, məhz region ölkələri ilə əməkdaşlığa bizim ümumi yanaşmalarımız və həm bizim üçün, həm də qonşularımız üçün vacib məsələlərin həlli tamamilə yeni reallıqlar yaradır.

Siz qeyd etdiyiniz kimi, Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək. Fürsətdən istifadə edib Sizdən xahiş etmək istərdim ki, qardaş Türkmənistan xalqına ən xoş arzularımı, firavanlıq, inkişaf, sülh və rifah diləklərimi çatdırasınız.

Diqqətinizə görə sağ olun.

Prezident Qurbanqulu Berdiməhəmmədov: Məzmunlu çıxışınıza, Türkmənistanın və onun xalqına ünvanlanan xoş sözlərinizə görə Sizə təşəkkür edirəm.

İndi isə biz Sizin razılığınızla, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mühüm tarixi sənədin imzalanması mərasiminə başlayırıq.

XXX

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzaladılar.

XXX

Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

-Hörmətli İlham Heydər oğlu, ilk növbədə, Sizi və bizim bütün azərbaycanlı qardaşlarımızı tarixi sənədin - Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik edirəm. Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimizin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır. İmzalanmış Memorandumun əhəmiyyəti məsələsinə qayıdaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasına Türkmənistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurğulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fəallığı nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütəmadi əsasda Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gələcək tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrimcə, bu, çox cəhətdən Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub.

Mən Türkmənistan-Azərbaycan münasibətlərinin vəziyyətini bütövlükdə çox yüksək qiymətləndirirəm, ikitərəfli qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd etmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi bugünkü tarixi hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə bir daha möhkəm cansağlığı, çoxşaxəli dövləti fəaliyyətinizdə gələcək uğurlar, qardaş Azərbaycana sülh, xoşbəxtlik və firavanlıq arzu edirəm. Diqqətinizə görə bir daha təşəkkür edirəm. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə bir daha söz vermək istərdim. Buyurun, qardaş.

Prezident İlham Əliyev dedi:

-Sağ ol, əziz qardaş. Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar.

Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır.

Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Bizim müstəqil dövlətlərə çevrilməyimizdən hələ 30 il keçməyib, lakin bu illər ərzində çox böyük uğurlar qazana bilmişik. Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizi təbrik etmək, qardaş türkmən xalqına bir daha ən xoş arzularımı bildirmək, Sizə möhkəm cansağlığı, təşəbbüslərinizdə uğurlar arzu etmək istərdim. Abadlıq, şəhərsalma sahəsində çox böyük səylərinizi də qeyd etmək istərdim. Mən bilirəm ki, Siz həm Aşqabadda, həm də digər şəhərlərdə şəhərsalma layihələrinə şəxsən rəhbərlik edirsiniz. Buna görə də Sizin dostlarınız, qardaşlarınız kimi Aşqabada gələndə biz ürəkdən sevinirik ki, müasir, gözəl, sakinlər üçün rahat şəhər yaradılıb. Bu, Sizin ölkənin inkişafına yönəlmiş çoxillik səylərinizin və öz xalqınıza bağlılığınızın, ona sədaqətinizin nəticəsidir. Sonda bizim birliyimizi, bir növ təsdiqləyərək Türkmənistanda da aydın başa düşüləcək sözləri demək istəyirəm – yaşasın Azərbaycan-Türkmənistan dostluğu!

Prezident Qurbanqulu Berdiməhəmmədov: Çıxışınıza görə çox sağ olun, qardaş.

Prezident İlham Əliyev: Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib YENİLƏNİB VİDEO

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub