REGİONLAR
Azərbaycan Prezidentinin Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib
AZƏRTAC xəbər verir ki, yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlətimizin başçısının Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışaraq ötən dövr ərzində bu istiqamətdə görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə yubileyin keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komissiyasının sədri, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyevin görülən işlər barədə məlumatı dinlənilib.
Bildirilib ki, Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadan və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur. Elə bu baxımdan onun yaradıcılığı dünya miqyasında öyrənilərək tədqiq edilib. Xüsusilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bu il keçiriləcək 220 illik yubiley tədbirləri ərəfəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılaraq bu sahədə uğurlu addımlar atılıb. Sərəncam imzalandığı gündən indiyədək şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şairin Almaniya muzeylərində saxlanan 256 ədəd əlyazmasının surəti Gəncəyə gətirilib. On bir monoqrafiyası çap etdirilib. Şəhərdə Mirzə Şəfi Vazeh muzeyi inşa olunub. Hazırda ədibin əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə nəşr olunması işlərinə başlanılıb.
Yığıncaqda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov, mədəniyyət və turizm idarəsinin rəisi Sənan Hacıyev, şəhər reklam və dizayn şöbəsinin müdiri, Əməkdar Rəssam Şərif Şərifov və başqaları çıxış edərək yubiley tədbirləri ilə bağlı görülən işləri diqqətə çatdırıblar. Eyni zamanda, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən söhbət açılıb. Bildirilib ki, indiyədək yubileyə hazırlıq çərçivəsində ali və orta ixtisas məktəblərində müxtəlif tədbirlər, o cümlədən Mirzə Şəfi Vazehə həsr edilmiş ədəbi-bədii gecələr keçirilib. Şairin adına təqaüd təsis olunub. Şeir, musiqi, həmçinin şagirdlər arasında inşa yazı müsabiqələri təşkil edilib.
Yığıncaqda yubileylə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülən işləri təhlil edilib və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilib.