AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılsın.
2. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;
3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətə başlayanadək “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də göstərilən vəzifələrin icrası müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2007-ci il.