İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ilk dəfə olaraq peşəkar dalğıcların hazırlanması məqsədi ilə sınaq imtahanı keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin 2003-cü ildə Moskva şəhərində nəşr edilmiş “Kaspiyskaya Neft Azerbaydjana” və 2009-cu ildə Bakı şəhərində çapdan çıxmış “Azərbaycanın neft diplomatiyası” kitablarında respublikada neft sənayesinin və xüsusən də peşəkar dalğıcların hazırlanmasının vacibliyi qeyd edilmişdir.
Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Xəzər dənizində sualtı boru kəmərlərinin çəkilməsi, müayinəsi, müxtəlif zədələnmələrin aşkar edilməsi, təmiri, gəmilərin və hidrotexniki qurğuların sualtı hissəsinin bərpası məqsədi ilə peşəkar dalğıcların hazırlanmasına xüsusi diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 28-də ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində ilk dəfə olaraq 4-cü dərəcəli I-II iş qrupu üzrə dalğıcların hazırlanması məqsədi ilə sınaq imtahanı keçirilmişdir.
Kursa 204 nəfər elektron ərizə ilə müraciət etmişdir. Onlardan müəyyən mərhələdən keçdikdən sonra 23 nəfəri qalmışdır. Həmin şəxslərin arasından isə 20 nəfər qalib seçilərək aprelin 1-dən başlayaraq dörd ay ərzində keçiriləcək dalğıc kurslarına yazılmışlar.
Kurslar Sankt-Peterburq Dövlət Dənizçilik Akademiyasının və Beynəlxalq Dəniz Təşkilatının sertifikatlarını almış yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılacaqdır. Kursu bitirən dalğıclar Xəzər Dəniz Neft Donanmasının müxtəlif strukturlarında işlə təmin olunacaqlar.
İmtahan 5 mərhələdə - birinci müsahibə, ikinci üzgüçülük qabiliyyətinin və dərinlikdə sualtında qalmanın həyata keçirilməsi, üçüncü tibbi müayinə, dördüncü baro kamerada isti təzyiq altında yoxlama və sonuncu mərhələdə isə test imtahanı üzrə keçirilmişdir.