Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında dövlət büdcəsi vəsaitinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı, dövlət maliyyə, əyar, sığorta fəaliyyəti, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin müasir tələblərə uyğun təşkilini təmin etmək və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti və Dövlət Sığorta Nəzarəti Xidməti yaradılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yaradılsın.

4. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə I).

5. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə II).

6. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə III).

7. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə IV).

8. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə V).

9. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə VI).

10. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur - Əlavə VII).

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

11.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin ümumi say tərkibini müəyyən etsin və Nazirliyin strukturuna daxil olan qurumların maliyyə təminatı ilə bağlı məsələləri həll etsin;

11.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

11.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı (3-cü bənd istisna olmaqla) və “Azərbaycan Respublikasında dövlət xəzinədarlığının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli 398 nömrəli Fərmanının 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

13. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin