Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublkasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 520 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.6-1.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
«1.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə onların vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.
1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) yardımçı bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirməyə yardım edən, habelə təminedici bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.
1.8. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) bölmələrinin təminedici və yardımçı bölmələrə aid edilməsi müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən həll edilir.»;
1.2. 2.1.2-ci və 3.2.2-ci bəndlərdə «aparıcı şöbəsinin» sözləri, 2.1.3-2.1.5-ci, 3.2.3-3.2.5-ci bəndlərdə «aparıcı şöbəsinin» və «köməkçi şöbəsinin» sözləri müvafiq olaraq «təminedici şöbəsinin» və «yardımçı şöbəsinin» sözləri ilə, 2.1.5-2.1.6-cı, 3.2.5-3.2.6-cı bəndlərdə «(aparıcı və köməkçi)» sözləri isə «(təminedici və yardımçı)» sözləri ilə əvəz edilsin.
2. «İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 937 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilk Toplusu, 2003-cü il, № 10, maddə 542) aşağıdakı dəyişikliklər edilsin:
2.1. Fərmanın adında və mətnində «aparıcı və köməkçi» sözləri «təminedici və yardımçı» sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş «İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin Siyahısı»nın:
2.2.1. adında və mətnində «aparıcı» sözü «təminedici» sözü ilə, «köməkçi» sözü «yardımçı» sözü ilə əvəz edilsin;
2.2.2. birinci abzasında «həvalə olunmuş funksiyaları» sözləri «həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətləri» sözləri ilə əvəz edilsin;
2.2.3. üçüncü abzasında «mərkəzi aparatında» sözləri «aparatında (və ya onların fəaliyyətini təmin edən qurumlarda)» sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 796) ilə təsdiq edilmiş «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları» sütununun mətnində ismin müvafiq hallarında «aparıcı şöbə» sözləri «təminedici şöbə» sözləri ilə, «köməkçi şöbə» sözləri «yardımçı şöbə» sözləri ilə əvəz edilsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin