AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ DÖVLƏTLƏRARASI VƏ HÖKUMƏTLƏRARASI MÜQAVİLƏLƏRİNİN BAĞLANMASI QAYDASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilələrinin bağlanması qaydasının nizama salınması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması nəzərdə tutulan beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilə layihələri həmin layihələrin bağlanmasına bir ay qalmış Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilməlidir.
2. Mərkəzi icra hakimiyyəti və digər icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilələrin imzalanmasına Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyət verilməsi nəzərdə tutulduqda həmin müqavilə layihələri onların imzalanması tarixinə ən azı qırx beş gün qalmış Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilməlidir.
3. Qoşulma prosedurunda imzalanması nəzərdə tutulmayan beynəlxalq müqavilələrə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının qoşulması üçün həmin müqavilələr qoşulmaq tarixinə ən azı qırx beş gün qalmış Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilməlidir.
4. Bu Fərmanın 1-3-cü bəndlərində göstərilən beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilə layihələrinin mətnlərinə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edildikdən sonra hər hansı düzəliş haqqında həmin düzəlişin edildiyi gündən başlayaraq üç gün müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məlumat verilməlidir.
5. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən beynəlxalq dövlətlərarası və hökumətlərarası müqavilə layihələrinin dövlət dilinə tərcümələri qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilməlidir.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2007-ci il.