Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 19; 2001-ci il, № 11, maddələr 676, 695, 699; 2002-ci il, № 5, maddə 243, № 12, maddə 692; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57; 2006-cı il, № 1, maddə 3) 19-cu maddəsinin ikinci cümləsində “təhsil” sözü “təhsil (icbari ümumi orta təhsil istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

II. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 354; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddə 7; 2005-ci il, № 11, maddə 997) 25-ci maddəsində “bitki karantini” sözləri “fitosanitar nəzarəti” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390) 313-cü maddəsinin dispozisiyasında “rəsmi sənədlərə” sözlərindən sonra “və ya informasiya resurslarına” sözləri, “sənədlərdə” sözündən sonra isə “və ya informasiya resurslarında” sözləri əlavə edilsin.

IV. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932; Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 167-IIIQD nömrəli, 28 oktyabr tarixli 185-IIIQD nömrəli, 5 dekabr tarixli 193-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 105-ci və 122-ci maddələr çıxarılsın.

2. 123-cü maddə aşağıdakı yeni redaksiyada verilsin:

“Maddə 123. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması

123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

123.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanılmasına, satışına və tətbiq edilməsinə;

123.0.2. pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qanunvericiliklə müəyyən edilmiş xüsusi yerlərdən kənarda zərərsizləşdirilməsinə;

123.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına;

123.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol verilməsinə, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə;

123.0.5. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə;

123.0.6. qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksək keyfiyyətli (markalı) bitkiçilik məhsullarının istehsalı məqsədi ilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə;

123.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına;

123.0.8. qanunvericiliklə müəyyən olunmuş qaydada icazə olmadan təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən yetmiş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.”.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin