Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 649-IIIQD nömrəli və 24 iyun tarixli 658-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 199-cu maddədə “, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə” sözləri çıxarılsın və həmin maddənin “Qeyd”i aşağıdakı redaksiyada verilsin:

“Qeyd: Bu Məcəllənin 199-cu, 200-204-cü, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”;

2. 200-cü maddədə “, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə” sözləri, 201-204-cü, 205-ci və 221.1-ci maddələrdə isə “, bu, az miqdarda ziyan vurduqda” sözləri çıxarılsın;

3. 223-2-ci və 223-3-cü maddələrin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında cərimə edilir.”;

4. 223-4-cü maddədə “doxsan” sözü “min” sözü ilə əvəz edilsin;

5. aşağıdakı məzmunda 223-5-ci - 223-9-cu və 341-2-ci maddələr əlavə edilsin:

“Maddə 223-5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş,

məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə məşğul olma

Qanunda, qanuna müvafiq olaraq bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata keçirilməsinə görə -

hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

Maddə 223-6. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Milli Bankının göstərişlərinin icra edilməməsi

223-6.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması barədə Azərbaycan Respublikası Milli Bankının göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

223-6.2. Bu Məcəllənin 223-6.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikası Milli Bankının qanuna uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilmədiyinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-7. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması

Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

Maddə 223-8. Bank və ya xarici bankın yerli filialı tərəfindən

prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması

223-8.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının Milli Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.

223-8.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və ya maliyyə hesabatların Azərbaycan Respublikasının Milli Bankına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 223-9. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların

təqdim edilməsi qaydalarının pozulması

Mərkəzləşdirilmiş kredit reyestrinə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.

Maddə 341-2. Azərbaycan Respublikasında xarici dövlətlərin

və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydalarının pozulması

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə -

fiziki şəxslər on manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin