RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ BUTROS BUTROS-QALİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Prezidentini çox səmimi salamlayan Baş katib onun dəvətini qəbul edərək bu mühüm zirvə görüşündə iştirak etdiyinə görə Heydər Əliyevə öz təşəkkürünü bildirdi. Heydər Əliyevi özünün yaxın şəxsi dostu hesab etdiyini söyləyən doktor Butros Butros-Qali bu görüşdən çox razı qaldığını qeyd etdi. Birləşmiş Millətlər Təşkilatının Baş katibi keçən ilin sonunda Azərbaycana səfərini və Prezident Heydər Əliyev ilə keçirdiyi görüşləri məmnuniyyət hissi ilə xatırladığını bildirdi.
Azərbaycan Respublikasının Prezidenti sosial inkişafa dair ümumdünya zirvə görüşündə iştirak etmək üçün dəvətə görə BMT-nin Baş katibinə öz təşəkkürünü bildirdi. O, doktor Butros Butros-Qali ilə bir daha görüşmək imkanına malik olduğundan məmnun qaldığını vurğuladı. Baş katibin Azərbaycana səfərini yaxşı xatırladığından söhbət açan Heydər Əliyev dedi ki, xalqımız doktor Butros Butros-Qaliyə dərin rəğbət, hörmət, ehtiram bəsləyir və onu özünün dostu hesab edir.
Prezident BMT-nin təşkilatları vasitəsilə Azərbaycana göstərilən humanitar yardıma görə də Baş katibə öz təşəkkürünü bildirdi. Daha sonra Heydər Əliyev ölkəmizdəki vəziyyət, Azərbaycan ilə Ermənistan arasında gedən müharibəyə son qoyulması üçün aparılan sülh danışıqları, respublikamızın konstruktiv mövqeyi haqqında və Çeçenistan hadisələri nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən zərbələr barədə baş katibə məlumat verdi.
ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması və regiona göndərilməsi barədə keçən ilin dekabrında Budapeşt zirvə toplantısında qəbul olunmuş qərarı yüksək qiymətləndirən Heydər Əliyev öz şəxsi nüfuzundan istifadə edərək, regionda sülhün bərqərar olunmasına yardım göstərməyi BMT Baş katibindən xahiş etdi.