İDMAN
Azərbaycan şahmatçıları komanda dünya çempionatının dördüncü turunda Rusiya yığması ilə qarşılaşmışlar
Bakı, 30 noyabr (AZƏRTAC). Antalyada (Türkiyə) şahmat üzrə komanda dünya çempionatının dördüncü turu keçirilmişdir. Bu turda Azərbaycan şahmatçılarının rəqibləri rusiyalılar olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu turda komandamız 1,5:2,5 hesabı ilə məğlub olmuşdur.
Belə ki, Rauf Məmmədovun Vladimir Kramnik ilə qarşılaşması, Nicat Məmmədovla Aleksandr Qrişuk oyunu və Qədir Hüseynovla Nikita Vityuqovun partiyası heç-heçə ilə başa çatmışdır. Digər lövhədə - Eltac Səfərli Sergey Karyakina məğlub olmuşdur.
Dördüncü turun digər görüşləri aşağıdakı komandalar arasında keçirilmişdir: Almaniya-Ukrayna (1:3), Çin-Ermənistan (2,5:1,5), Misir-ABŞ (0,5:3,5), Türkiyə-Hollandiya (0,5:3,5).
Bu turun nəticələrinə görə Ukrayna komandası, hesabında səkkiz xalla, birinci yerdədir, Rusiya və Ermənistanın aktivində beş xal, Almaniya, Azərbaycan, Hollandiya, ABŞ və Çin yığmalarının hesabında dörd xal vardır, Türkiyənin iki, Misir komandasının hesabında isə heç bir xal yoxdur.
Dünyanın ən güclü 10 yığmasının iştirak etdiyi komanda dünya çempionatları 1985-ci ildən keçirilir. Burada iştirakçılar şahmat olimpiadalarının və qitə birinciliklərinin yekunlarına əsasən seçilir. Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Almaniya, ABŞ, Çin, Ermənistan, Misir və Türkiyə yığmalarının iştirakı ilə dairəvi sistem üzrə keçirilən builki turnir dekabrın 6-da başa çatacaqdır.