İDMAN
Azərbaycan şahmatçıları komanda dünya çempionatının üçüncü turunda Ukrayna komandası ilə qarşılaşacaqlar
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Türkiyənin Antalya şəhərində şahmat üzrə komanda dünya çempionatının üçüncü turu keçirilir.
Bu turda Azərbaycan şahmatçılarının rəqibləri ukraynalılar olacaqlar.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Rauf Məmmədov Vasili İvançuk, Eltac Səfərli Anton Korobov, Vasif Dürarbəyli Aleksandr Moisenko, Qədir Hüseynov isə Aleksandr Areşenko ilə qarşılaşacaqdır.
Üçüncü turun digər görüşləri aşağıdakı komandalar arasında keçiriləcəkdir: Hollandiya-Almaniya, Ermənistan-ABŞ, Rusiya-Çin, Türkiyə-Misir.
Çempionatın ikinci turunda Azərbaycan şahmatçıları hollandiyalı rəqiblərinə 3:1 hesabı ilə qalib gəlmişlər.
İki turun nəticələrinə görə Azərbaycan, Almaniya və Ukrayna komandalarının hərəsinin aktivində 4, Ermənistanın 3, Çin və ABŞ-ın 2, Rusiya komandasının hesabında isə bir xal vardır. Hollandiya və Türkiyə yığmalarının xalları yoxdur.
Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Almaniya, ABŞ, Çin, Ermənistan, Misir və Türkiyə yığmalarının iştirakı ilə dairəvi sistem üzrə keçirilən builki turnir dekabrın 6-da başa çatacaqdır.