MƏDƏNİYYƏT
Azərbaycan səhnəsində “Karmen”lə növbəti görüş
Bakı, 1 dekabr (AZƏRTAC). Paytaxt tamaşaçıları dekabrın 1-də növbəti dəfə məşhur Fransa bəstəkarı Jorj Bizenin dünya şöhrətli “Karmen” operasının tamaşasına toplaşmışdılar.
Prosper Merimenin eyniadlı novellası əsasında Jorj Bizenin musiqi dili ilə yaratdığı “Karmen” hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarını bəzəyir. Bu dəfə də Karmen rolunda respublikanın Əməkdar Artisti cazibədar Fidan Hacıyeva, həmçinin Əməkdar Artist İnara Babayeva (Mikaela) Fərid Əliyev (Xoze) və Anton Feştanq (Eskamilyo) oynayırdılar.
…“Karmen”in ilk premyerası 1875-ci il martın 3-də Parisdə olmuşdur. Lakin əsər vaxt bəstəkara uğur gətirməmişdir, çünki burjua cəmiyyəti əsərin qəhrəmanlarının xalqın nümayəndələri olmasını, operanın romantik sonluqla deyil, qısqanclıq zəminində qətllə başa çatmasını qəbul edə bilməmiş, bayağı əsər adlandırmışdır. Zaman keçdikcə “Karmen” öz layiqli qiymətini almış, dünya opera səhnəsinin incilərindən birinə çevrilmişdir. Onun ayrı-ayrı musiqi parçaları isə dillər əzbəri olmuşdur. O vaxtdan “Karmen”in dünya turu davam edir, ən nüfuzlu teatrlar bu əsəri mütləq öz repertuarlarına salırlar.
Operada Merimenin novellası yeni səpkidə təqdim olunmuşdur. Bu, əsərin əsas personajları olan Karmen və Xoze obrazlarına da təsirsiz ötüşməmişdir. Bize Karmenin xarakterini məişət xırdalıqlarından təmizləyərək onun üsyankar təbiətini, daxili təmizliyini qabartmış, Xozeni isə romantik qəhrəman kimi deyil, şərəf, ləyaqət və məhəbbət kimi gözəl hisslərini bir anlıq ehtirasa qurban verən zəif və iradəsiz bir obraz kimi canlandırmışdır.
S.Qalli-Marye, Y.Obraztsova, İ.Arxipova, M.Maksakova, F.Muxtarova kimi məşhur opera ulduzları müxtəlif illərdə yaddaqalan Karmen obrazları yaratmışlar. Karmen partiyasına öz möhürünü vuran sənətkarlardan biri də Azərbaycanın Əməkdar Artisti, Akademik Opera və Balet Teatrının aparıcı solisti Fidan Hacıyevadır. Hazırda Fidan Hacıyevanın adı gələndə, ilk növbədə, Karmen yada düşür. Müğənninin ilk dəfə 21 yaşında ifa etdiyi bu çətin partiya onun vizit kartına, dünya opera səhnəsinə aparan yolda mayaka çevrilmişdir. Lap elə bu yaxınlarda Romada peşəkar opera ifaçıları arasında keçirilən nüfuzlu beynəlxalq müsabiqədə uğur qazanmasında da, heç şübhəsiz, təqdim etdiyi Karmen partiyasının rolu az olmamışdır…
Bu gecə F.Hacıyeva Azərbaycan səhnəsinin Karmeni adını əbəs yerə daşımadığını bir daha təsdiq etdi. Onun qüsursuz musiqi mədəniyyəti, gözəl vokal texnikası, ehtiraslı çalarlarla zəngin messo-sopranosu, intonasiya tərzi, mükəmməl dramatik istedadı, zahiri gözəlliyi ən ciddi musiqisevərlərin də zövqünü oxşadı.
Tamaşada Xoze partiyasını opera səhnəmizin parlamaqda olan ulduzu Fərid Əliyev ifa edirdi. Onun Xozesi Karmeni ürəkdən sevir, lakin bu məhəbbət onu nəcibləşdirmir, əksinə, cinayət yoluna aparır. Ümumiyyətlə, tamaşada Karmen-Xoze antaqonizmi qabarıq şəkildə verilmişdir. Karmenin ictimai çərçivəyə sığmayan çılğın təbiəti Xozenin daxili mühafizəkarlığını, zəif xarakterini qəbul edə bilmir. Münasibətlərin gərginləşərək dözülməz həddə çatması olum, ya ölum seçimini labüd edir. Arzularının reallıqla üst-üstə düşmədiyi bir həyatda yaşamaqdan təngə gələn Karmen Xozenin onun köksünə sancdığı bıçağı talenin qisməti kimi qəbul edir. F.Hacıyeva və F.Əliyev dueti faciəli məhəbbət səhnəsini böyük ilhamla yaradır…
Rejissor Hüseyn Əliyevin quruluş verdiyi tamaşada aktyorların mükəmməl oyunu sayəsində Azərbaycan səhnəsində “Karmen”lə daha bir görüş tələbkar və minnətdar paytaxt tamaşaçılarının gurultulu alqışları ilə başa çatdı. Gələn görüşlərədək!
######