ELM VƏ TƏHSİL
Azərbaycan və Böyük Britaniyanın təhsil müəssisələri arasında diplomların verilməsi ilə bağlı razılıq əldə olunmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Bakı Ali Neft Məktəbi məzunlarına iki diplom verilməsi haqqında Böyük Britaniyanın Heriot Vatt universiteti ilə razılıq əldə olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytına istinadən AZƏRTAC xəbər verir ki, şirkətin sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Edinburq şəhərindəki Heriot Vatt və Aberdin şəhərindəki Robert Qordon universitetləri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün Şotlandiyaya səfər etmişdir.
Nümayəndə heyətinin tərkibində ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Elmar Qasımov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, memar Cəlil Hüseynov və şirkətin Londondakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil olunmuşlar.
Heriot Vatt Universitetinin rəsmiləri ilə görüşlərin nəticəsində yeni yaradılmış Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı proqramlarının birgə yaradılması, tətbiqi, ingilis dilində tədrisin təşkili və məzunlara iki diplomun verilməsi istiqamətlərində birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.
Robert Qordon universitetinin rəhbərliyi ilə aparılmış müzakirələr nəticəsində gələcək birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilmişdir.