SİYASƏT
Azərbaycan-Vyetnam əməkdaşlığı üçün geniş imkanlar mövcuddur
Bakı, 12 aprel (AZƏRTAC), Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini xanım Nquen Fionq Nqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmiş, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Vyetnamın regionun əsas aparıcı ölkələrindən biri olduğunu qeyd edən Elmar Məmmədyarov səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Həmçinin Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Vyetnamın xarici işlər nazirini ölkəmizə rəsmi səfərə dəvət etmişdir.
Ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlarının olduğunu deyən Nquen Fionq Nqan Vyetnamın Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu bildirmişdir.
Görüşün sonunda Nquen Fionq Nqan Vyetnamın xarici işlər naziri adından nazir Elmar Məmmədyarovu ölkəsinə rəsmi səfərə dəvət etmişdir.