MƏDƏNİYYƏT
Azərbaycana səfər edən məşhur səyyahların mətbuat üçün brifinqi keçirilib
Bakı, 26 sentyabr, Məmməd Məmmədli, AZƏRTAC
Sentyabrın 26-da “Fairmont Baku” otelində Azərbaycana səfər edən dünya şöhrətli səyyahların mətbuat üçün brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə səyyahlar təmsil etdiyi təşkilatları haqqında məlumat verib, dünya turistik məkanların ölkələr üzrə deyil müəyyən zonalar üzrə bölünməsi mövzusunda söhbətlər aparıb və səyahət zamanı qazandıqları təcrübələri bölüşüblər.
Azərbaycanın ən tanınmış səyyahı Mehrac Mahmudov dünyanın ən məşhur 4 turizm klubunun siyahısında yer aldığını söyləyib. Bildirib ki, dünyanı ən çox səyahət edən 30 insan arasında adı çəkilir. O, 900 dən çox turistik zonanı ziyarət edib. Bu gün o, ABŞ və Avropa turizm təşkilatları ilə əməkdaşlıq edir və ilin 7 ayını səyahətdə olur.
“Nomadmania.com” saytının rəhbəri Harri Misidis bildirib ki, bu onun Azərbaycana birinci gəlişi deyil. Qeyd edib ki, dünya 1301 turistik zonaya bölünür və o, bunların çox hissəsini ziyarət edib. Vurğulayıb ki, təmsil etdiyi təşkilatın dünyanın müxtəlif yerlərində 200-ə qədər mərkəzi var. Təşkilat dünyanı səyahət etmək istəyənlərə köməklik göstərir. Rəhbərlik etdiyi saytda Azərbaycanın bəzi turistik məkanlarının siyahıda yer aldığını söyləyən H.Misidis deyib ki, ölkəmizə səyahət etmək istəyən turistlər olduqca çoxdur.
“Travelers Century Club” (TCC) təşkilatının rəhbəri Coyan Şvords təmsil etdiyi qurum haqqında məlumat verib: “Səyyahların 100 illik klubu” (TCC) 67 il əvvəl - 1954-cü ildə ABŞ-da təsis olunub. İndi 15000-dən çox üzvümüz var. Onlardan 24 nəfər siyahıda olan 1301 turistik zonaların hamısında olub. 1950-ci illərdə dünyada 102 dövlət olduğu üçün kluba yalnız 100-dən çox ölkəni ziyarət edənlər qəbul olunur. İndi isə dünya dəyişib, ölkələrin sayı artıb. Belə olan halda turizmdə də yeni tələblər qoyulur”.
Tanınmış səyyah Don Perriş deyib: “Mən Bakıda 2006-cı ildə olmuşam. Burada gedən dəyişiklərə heyranam. Şəhər çox təmizdir. Diqqətimi o cəlb etdi ki, burada Avropadan fərqli olaraq divarlarda qrafiti və digər yazılar yoxdur. Mən səyahətə ilk dəfə başqa şəhərlərdə yaşayan qohumlarımı ziyarət etməklə başladım. Onlar yaşadıqları yerdə məni muzey, teatr və şəhərin digər görməli yerlərinə aparanda dünyanın necə nəhəng və maraqlı olduğunu anladım və bu məni digər ölkələrə səyahət etmək barədə düşündürdü”.
Bundan başqa Don Perriş bildirib ki, yaxın günlərdə qrup şəklində Qarabağa səfər edəcək.
“Most Traveled People” təşkilatının rəhbəri Çarli Vili diqqətə çatdırıb: “Bir necə şirkət var ki, dünyanı fərqli zonalara bölür. Ancaq onların hamısı sonda “Ən çox səyahət etmiş adamlar”la bir araya gəlir. Klubda hər kəs öz təəssüratını bölüşür və bununla da səyahət anlayışı getdikcə zənginləşir”.
Səyahətçi Kolya Şpöri söyləyib ki, “Extreme Traveler İnternational Congress” (ETİC) 2006-cı ildə yaranıb. Rəhbərlik etdiyi konqres əvvəl çıxış edən həmkarlarının çalışdıqları təşkilatların görüşünü təşkil edir: “Konqresin missiyası həmçinin səyahəti sevənləri dünyanın bağlı zonalarına aparmaqdır. Misal olaraq Kolumbiyada “Marketalia Respublikası” adlanan zona uzun illər ictimaiyyətə bağlı olub. Şimali Kiprə nadir insanlar gedib. ETİC səyahətçiləri bu tip zonalara dəvət edib, onları bir araya gətirir”.