İQTİSADİYYAT
Azərbaycanda beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, CEIBC-nin əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir.
Daha sonra DSMF-nin sədri S. Müslümov “Azərbaycanın sığorta-pensiya sistemində sistem xarakterli dəyişikliklər: inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsi” mövzusunda təqdimatla çıxış etmişdir.
S. Müslümov vurğulamışdır ki, Azərbaycan Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunması və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşmış və bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir.
DSMF-nin sədri son vaxtlar həyata keçirilən islahatlara və əldə olunan nailiyyətlərə toxunmaqla yanaşı, perspektivdə gözlənilən islahat tədbirləri barədə də ətraflı məlumat vermişdir.
S.Müslümov sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlandığını vurğulamışdır.
Fondun sədri nəzərə çatdırmışdır ki, indiki mərhələdə qarşıya qoyulan vəzifələrə tam nail olmaq məqsədi ilə inzibati nəzarətin ictimai nəzarətlə dəstəklənməsi və bu əsasda daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqi əsas hədəf kimi götürülmüşdür.
Elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi qeyd olunan istiqamətdə atılan mühüm addımlardandır deyən Fondun sədri, DSMF-nin bu sahədə gördüyü işləri sadalamışdır.
S. Müslümov qeyd etmişdir ki, DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılmışdır. Bu xidmətlərin hər biri vətəndaşla məmur arasında ünsiyyətin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
DSMF-nin sədri inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsi baxımından əhalinin yenicə istifadəsinə verilən “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sisteminin xüsusi rola malik olduğunu demişdir.
Diqqətə çatdırılmışdır ki, bu xidmət vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir.
S. Müslümov hazırda DSMF tərəfindən 2 milyon 360 minə yaxın nəfərə fərdi şəxsi hesab açıldığını və bu xidmətdən həmin vətəndaşların hamısının yararlanmaq imkanının olduğunu bildirmişdir.
Vurğulanmışdır ki, hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər.
Tədbirdə S. Müslümov klub üzvlərini maraqlandıran sualları cavablandırmış, mövzu ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda, DSMF tərəfindən göstərilən elektron xidmətlər tədbir iştirakçılarına nümayiş etdirilmişdir.