CƏMİYYƏT
Azərbaycanda demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 13 saylı Xəzər–Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da keçirilən kursda Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov çıxış edərək hər bir dövlətin demokratik seçkilərin keçirilməsi üçün öhdəlik daşıdığını deyib. Şəffaf seçkilərin keçirilməsi üçün həmin dövlət güclü hüquqi bazaya malik olmalıdır. Azərbaycanın bu prosesə tam hazır olduğunu deyən şöbə rəisinin müavini dövlətimizin mükəmməl Konstitusiyaya və qanunvericiliyə malik olduğunu vurğulayıb. O qeyd edib ki, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün məntəqələrin əksəriyyətində veb-kameralar quraşdırılıb.
Xəzər Rayon Polis İdarəsinin rəisi müavini Famil Vəliyev qeyd edib ki, polisin əsas vəzifələrindən biri ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaqdır. Daxili İşlər Nazirliyi seçki prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində seçki komissiyaları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşov və İmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza var. Ölkəmizdə demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir. Qarşıdan gələn seçkilər də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.
Qeyd edək ki, 13 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə 37 seçki məntəqəsi təşkil olunub. Onların 10-da veb-kameralar quraşdırılıb. 44 min 967 nəfərin adı seçici siyahısında qeydə alınıb.
On dörd saylı Xəzər seçki dairəsi üzrə isə 37 seçki məntəqəsi təşkil olunub. Bu məntəqələrin də 10-da veb-kameralar quraşdırılıb. 48 min 425 nəfər seçicinin adı siyahıya salınıb.