İQTİSADİYYAT
Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək bizim üçün maraqlıdır
AZƏRTAC xəbər verir ki, bu barədə birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi- “ADEX 2014” sərgisində iştirak edən Belarusun “Minotor-Service” şirkətinin direktor müavini Nelli Rubçova deyib.
O bildirib ki, şirkətin əsas fəaliyyət növlərinə elmi-tədqiqat, layihə və sınaq-konstruktor işləri, silahlanma üçün qəbul edilmiş hərbi texnika nümunələrinin modernləşdirilməsi, xüsusi texnikanın təmiri və texniki xidməti, ehtiyat hissələrinin təchizi və ixrac-idxal əməliyyatları daxildir. Qonaq daha sonra deyib: “Şübhəsiz ki, Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək bizim üçün maraqlı idi və məhz buna görə də, bu gün biz “ADEX 2014” sərgisində iştirak edirik. Stendimizdə müxtəlif təyinatlı maşınlar nümayiş etdirilir. Bu məhsullar hazırda işlənib hazırlanır və yaxud tamamlanmaq üzrədir”.
Direktor müavini qeyd edib ki, şirkət hərbi sənaye kompleksi üzrə məhsulların istehsalı və müvafiq xidmətlər sahəsində fəaliyyət göstərən dövlət strukturları və sahibkarlarla uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına hazırdır.