SİYASƏT
AZƏRBAYCANDA KEÇİRİLMİŞ PREZİDENT SEÇKİLƏRİNİN GEDİŞİNİ DÜNYANIN ƏN NÜFUZLU TELEVİZİYA KANALLARI GENİŞ İŞIQLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də dünyanın ən nüfuzlu televiziya kanallarının xəbər proqramları Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini izləmişdir. Tamaşaçıların diqqətinə təqdim olunan videomaterialların mahiyyəti isə ölkəmizdəki seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi idi.
Nüfuzlu “Yevronyus” gün ərzində mütəmadi olaraq Azərbaycanda prezident seçkilərinin gedişini izləmişdir. Prezident İlham Əliyevin son 5 ildəki fəaliyyəti təqdir olunmaqla yanaşı, ölkəmizin regiondakı mühüm yeri və rolu da diqqət mərkəzində olmuşdur. “Yevronyus” son beş ildə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafı qeyd etməklə, bu seçkilərdə də İlham Əliyevin namizədliyinin xalq tərəfindən rəğbətlə qarşılanmasına şübhə yeri qalmadığını bəyan etmişdir. Reportajlarda Azərbaycanın geostrateji məkanda yerləşməsi, xüsusilə də karbohidrogen ehtiyatları ilə zəngin ölkəmizin dünyanın, həm də Avropanın enerji təhlükəsizliyində oynadığı rola da xüsusi diqqət yetirilmişdir.
“Bi-Bi-Si” Azərbaycandakı seçkilərin 1250-dən çox beynəlxalq müşahidəçi tərəfindən izləndiyini bildirmiş, onların paytaxtla yanaşı, ucqar rayonlarda da seçkilərin gedişi ilə tanış olduğunu diqqətə çatdırmış, prezident seçkilərini ölkədə demokratiyanın inkişaf baxımından mühüm hadisə adlandırmışdır. “Bi-Bi-Si” bəyan etmişdir ki, seçki prosesinin qanunauyğun keçirilməsini yüzlərlə seçki məntəqəsində olmuş müşahidəçilər təsdiqləmişlər. Ümumiyyətlə, Azərbaycanda azad, şəffaf və beynəlxalq səviyyədə seçkilər keçirmək üçün çox vacib işlər görülmüşdür.
“Röyter” seçki məntəqələrinin seçkiyə tam hazır olması, seçici siyahılarının düzgün tərtibi, barmaqların şəffaf mürəkkəblə işarələnməsi, müxtəlif partiyalar tərəfindən seçkilərin müşahidəsi, “exit-poll”un keçirilməsi və digər seçki prosedurları ilə bağlı məlumatları dünyanın kütləvi informasiya vasitələrinin diqqətinə çatdırmışdır. “Röyter”in təqdim etdiyi materialların əsasını belə bir fikir təşkil etmişdir ki, Azərbaycanda budəfəki mövcud seçki təcrübəsi digər ölkələr üçün də nümunə ola bilər.
“Azərbaycanda seçkilər demokratik standartlara və prinsiplərə uyğun keçirilmişdir. Səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçilər, seçicilər, “exit-poll” keçirən şəxslər və seçki məntəqələrinin rəhbərləri ilə söhbət zamanı onlar da qanun pozuntusu ilə üzləşmədiklərini bildirmişlər”. Rusiyanın RTR, ORT, NTV və digər telekanallarının xəbər proqramlarının seçkilərlə bağlı hazırladıqları süjetlərin mahiyyətini məhz bu məsələ təşkil etmişdir. Rusiyanın bütün telekanalları 60 ölkədən 1258 beynəlxalq müşahidəçi arasında MDB nümayəndələrinin də olduğunu bildirmişdir. “Seçkidə ilk dəfə tətbiq olunan bəzi qaydalar, xüsusilə də veb-kameralarla səsvermənin izlənməsi təcrübəsi yüksək qiymətləndirilir”. ORT-nin əsas xəbər buraxılışı “Vremya” Azərbaycandakı seçkiləri bu cür xarakterizə etmişdir. RTR və NTV bu seçkilərə Rusiyada da böyük marağın olduğunu, azərbaycanlıların səs verməsi üçün Rusiyada da məntəqələrin fəaliyyət göstərdiyini bildirmişdir. Prezident İlham Əliyevin nəinki Azərbaycanda, bütün dünyada yüksək nüfuza malik olduğunu deyən “Vesti”, növbəti 5 ildə də ölkənin indiki hakimiyyət tərəfindən uğurla inkişaf etdiriləcəyini bildirmişdir.