CƏMİYYƏT
Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində (DMX) olmuşdur.
DMX-dən AZƏRTAC-a bildirmişlər ki, Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev ilə keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, eləcə də iqtisadi sahədə əlaqələrin sürətli inkişafından söhbət açılmışdır. Hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur.
F.Nəbiyev, həmçinin DMX-nin fəaliyyəti üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs etmişdir.
İ.A.Coşqun Azərbaycanda miqrasiya sahəsində dövlət nəzarəti üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyindən söz açmışdır. Səfir Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrindən bəhs edərək qeyd etmişdir ki, məhz bu səbəbdən qardaş ölkə vətəndaşları müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər.
Görüşdə ölkələrimiz arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.